Biosfer (yun. βίος bios "həyat" və σφαῖρα sfaira "sfera") — dünya miqyasındakı bütün ekosistemlərin məcmusu. Onu Yerdəki həyat zonası da adlandırmaq olar. Biosfer maddəyə nəzərən faktiki qapalı sistemdir, giriş və çıxışlar minimaldır. Enerji baxımından isə o açıq sistemdir, fotosintez nəticəsində təxminən ildə 130 Teravatt sürətlə günəş enerjisini qəbul edir.[1] Bununla belə, o, enerji tarazlığına yaxın olan özünü tənzimləyən sistemdir.[2] Yerdəki torpaq karbon süngəri bu sistemin tənzimləyici komponentidir.[3] Ən ümumi biofizioloji təriflə, biosfer bütün canlıları və onların əlaqələrini, o cümlədən litosfer, kriosfer, hidrosfer, rizosfer və atmosfer elementləri ilə qarşılıqlı əlaqəsini birləşdirən qlobal ekoloji sistemdir. Biosferin ən azı təxminən 3,5 milyard il əvvəl biopoez (təbii olaraq qeyri-canlı maddələrdən, məsələn, sadə üzvi birləşmələrdən yaranmış həyat) və ya biogenez (canlı maddədən yarannmış həyat) prosesindən başlayaraq təkamülə uğradığı güman edilir.[4][5]
Ümumi mənada biosferlər ekosistemləri ehtiva edən hər hansı qapalı, özünü tənzimləyən sistemlərdir. Buraya Biosphere 2 və BIOS-3 kimi süni biosferlər və potensial olaraq digər planetlər və ya aylardakı biosferlər daxildir.[6]